Главная » 2013 » Sentyabr » 8 » Derse geden bir uwaq
15:39
Derse geden bir uwaq



Yeni dərs ilində hamı həyacanlı olur, lakin məktəbə ilk dəfə qədəm qoyanları və onların valideynlərini heç kəslə müqayisə etmək olmaz. Valideynlərin müşayiəti ilə gəlib, müəllimlərin himayəsinə veriləndə əksər uşaqlar kövrəlib ağlayır, valideynlərin də sinif adlı dünyaya daxil olub, onların yanında əyləşmələrini istəyir. İlk dərs gününün həyəcan dolu anları hər kəsin uzun müddət unutmayacağı xatirəyə çevrilir.

O zaman dərslər sentyabrın birində başlayardı. Avqustun sonlarında yağan yağışlar yayda saralıb-solmuş çölləri, çəmənləri yamyaşıl dona bürüyər, son bahar, nə qədər olmasa da, öz baharlıığnı nümayiş etdirməyə çaılşardı. Böyürtkən, çır alma, itburnu satıb, aldığımız əyin-başı yağmursuz bir gündə geyinmək olardı arzumuz. O vaxtlar dükan-bazar o qədər də zəngin deyildi. Bəzən tamarzıymış kimi yağan yağışlar arzumuzu gözümüzdə qoyardı. Buna baxmayaraq, yeni dərs ili ilə yeni fəslin - payızın başlanmasının ahəngi ruhumuza bir rahatılq gətirərdi...

Yeni dərs ilində hamı həyacanlı olur, lakin məktəbə ilk dəfə qədəm qoyanları və onların valideynlərini heç kəslə müqayisə etmək olmaz. Valideynlərin müşayiəti ilə gəlib, müəllimlərin himayəsinə veriləndə əksər uşaqlar kövrəlib ağlayır, valideynlərin də sinif adlı dünyaya daxil olub, onların yanında əyləşmələrini istəyir. İlk dərs gününün həyəcan dolu anları hər kəsin uzun müddət unutmayacağı xatirəyə çevrilir. Günlər, həftələr keçdikcə məktəb də, müəllim də adiləşir, həyat öz axarı ilə davam edir. Elə məsələnin arzuolunmaz hissəsi də bu zaman başlanır. Çaılşmaq lazımdır ki, təhsilə, elmə, məktəbə, müəllimə qarşı yaranmış şövq azalmasın, sönməsin, əksinə hər kəsin ağlının əhatə dairəsinə uyğun olaraq yeni forma və məzmunda davam etsin və dərinləşsin.

Hələlik dünya elminə sahiblik edən qərb dünyasında məşhur bir kəlam var: "Ehtiyac kəşfin anasıdır”. Başqa sözlə desək, insan ehtyacı olan, arzu etdiyi bir şeyə nail olmaq üçün yollar axtarır və möhtəşəm kəşflər də bu zaman yaranır. Bu gün iqtidar- müxalifət etiketi ilə fərqləndirilib dünya ictimaiyyətinin hər şeyi çox aydın seçən gözləri qarşısında didim-didim didilən, dünya siyasət şorbasının duzu, istiotu olan müsəlman dünyasında çatışmayan əsas xüsusiyyyətlərdən biri budur. Hər hansı bir məsələnin həlli üçün yollar axtarmaqdansa, bütün yolları bağlayıb, düşmən dəyirmanına dən olmağı üstün tutan ərəb dünyası, əslində, özü üçün qiyamət, seyr edənlər üçün isə "bahar”, "bayram” havası əsdirməkdədir...

Mətləbdən çox uzaqlaşmayaq. Uca kitabımızın Ənam surəsində deyilir: - De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?” (6/50) Elmə bu qədər aydın və yüksək qiymət verən İslam dünyasının mövcud halından mütəəssir olmamaq da mümkün deyil.

Dərsə gedən bir uşaq həm də gələcəyimizin özülünə qoyulan künc daşıdır. Bənnaların onlarla daşın arasından seçib, dəfələrlə ölçüb-biçdikdən sonra səliqə ilə yerləşdirdiyi künc daşının tarazlığı, möhkəmliyi binanın davamlılığı üçün nə qədər əhəmiyyət daşıyırsa, məktəbə ilk qədəmlərini qoyan uşağın düzgün tərbiyə olunması, elm yolunda inamla irəliləməsi də gələcəyimiz üçün o qədər mühümdür.

Dərsə gedən bir uşağın bu yolun müqəddəsliyinə inamı onu gələcək uğurların qazanılmasına kökləyən amillərdən biri, bəlkə də, birincisidir. Ürəyində bu inam olan şagird ilk dövrlərdə yoldaşlarından geri qalsa da, bir müddətdən sonra onlara çata və ötə bilir. Pedaqoji təcrübəmiz belə nümunələrlə zəngindir, ancaq öz həyatımdan bir epizodla yazının səmimiyyətini artırmağa çalışacağam.

Çətinliklər və məhrumiyyətlərlə dolu uşaqlığım, həm də kitaba, məktəbə, müəllimə olan sevgim və hörmətim ilə yadımda qalıb.

Yay tətili ilə birlikdə kənd uşaqlarının da "çobanlığı” başlardı. Atamla salam-kəlamı olan hər kəs də istəyirdi ki, onların çəpiş-quzularını biz otaraq. Atam adamların könlünü qırmaqdan qorxardı. Beləliklə, on-on beş əvəzinə qırx-əlli heyvan otarardıq.

Yay tətili olmasına baxmayaraq, çantamdan kitab da əskik olmazdı. Diyircəkli qələmlərin həyatımıza yeni daxil olduğu illər idi. Oxumaq kimi çöldə-bayırda yazmaq da mümkün olmuşdu. Bəzən oxuduğum kitablara o qədər dalardım ki, otardığım heyvanları da unudardım. Belə günlərin birində bir də ayıldım ki, bir müddət əvvəl qarşımda sakitcə otlayan heyvanlardan bircə dənəsi də qalmayıb. Ətrafı gəzib-dolaşdım, tapa bilmədim. Xəbər tutub atam da çölə gəldi. Şəhadət barmağımı oxuduğum yerinə qoyub əlimdə tutduğum kitabı görən atam özündən çıxdı: "Mən sənə çölə kitab aparma deməmişəmmi? Sən bura kitab oxumağa gəlirsən, yoxsa heyvan otarmağa?”, - deyib, həmişə özü ilə gəzdirdiyi çomağını arxamca tolazladı. Mən də: "Gətirəcəyəm”,- deyib, ömrümdə birinci və sonuncu dəfə atama üsyan etdim. Bu an atama "əmi” deyə müraciət edən Ələsgər kişi peyda oldu haradansa və atama müraciətlə: "Əmi, bir dayan, görüm. Sən uşağın kitab oxuduğunu görüb papağını göyə atmaqdansa, ona çomaq atırsan? Atam məni məktəbdən uzaqlaşdırıb korafəhm elədi, sən də elə etmək istəyirsən? Heyvandır da, günortanın istisidir, yəqin ki, çaya - suya düşüb. Uşağın oxumağa həvəsi var, yoxsa onu da çoban eləmək fikrindəsən?, - dedi.

Rəhmətlik Ələsgər kişi sonralar dəfələrlə o günü yadıma salıb deyirdi: "Əmimin çomağı olmasaydı, oxumayacaqdın, ha!” Ələsgər kişi haradan biləydi ki, içimdə yanmaqda olan oxumaq şövqünü bircə ölüm söndürə bilərdi.

Dərsə gedən bir uşaq milli, mədəni, əxlaqi, dini normalar çərçivəsində gözüaçıq böyüməli, valideynlərinin onun üçün yaşadıqları məsuliyyətin müqabilində öz hüquq və vəzifələrini də dərk etməlidir. Uca kitabımızda bu məsələ görün nə qədər sadə və aydın bir dillə izah olunmuşdur: Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik... (46/15)

Dərsə gedən bir uşaq elə tərbiyə olunmalıdır ki, təkcə sinifdə kitabdan, müəllimdən öyrənməklə kifayətlənməsin, baxdığı hər şeydə, hər hadisədə bir hikmət, məntiq görə və onlardan ibrət ala bilsin. Buna isə qısa müddətdə deyil, qəlbində, ruhunda elmin ləzzətini duyaraq yetişmək olar. Alışaraq, anlayaraq sevmə odlu ehtirasdan daha çox ömürlü və etibarlı olur deyirlər. Elmlərin sirlərinə bu cür yiyələnən insan axtarmaqdan, aramaqdan, öyrənməkdən heç vaxt doymayacaq və Quranımızın Taha Surəsində vurğulanan : "Ey Rəbbim! Mənim elmimi artır!” - de.” (20/114) - duası dilinin əzbəri olacaq.

Sirr deyil ki, dərsə gedən bir uşaq bir müddətdən sonra valideynlərini onun üçün daha yaxşı müəllim - repetitor axtarmağa məcbur edəcək. Dərsdə diqqətli olub, müəllimin öyrətmək istədiklərini öz çalışqanlığı ilə tamamlayan şagirdə heç bir repetitor lazım deyil. Şagird məktəbə öyrənmək üçün getdiyini heç vaxt umutmamalıdır.

Dərsə gedən bir uşaq ailədən pərvazlanıb məktəbdə formalaşsa da, cəmiyyətdə cilalanır. Çalışmaq lazımdır ki, yaxın keçmişdə olduğu kimi, həyat dərsə gedən bir uşaq üçün başdan-başa məktəb olsun. Ailədə bir cür, məktəbdə ayrı cür, cəmiyyətdə başqa münasibət şəxsiyyət tamlığına xələl gətirir. Gələcəyimizin xoşbəxtliyini istəyiriksə, dərsə gedən hər bir uşağın yolunu nurlandırmağa çalışmalıyıq. Öz övladını müəyyən bir peşə sahibi kimi xəyal etməyən valideyn, lazımi səviyyədə keçmədiyi dərsin acısını yuxusunda da yaşamayan müəllim, küçədə, nəqliyyatda, yoldaşlarına qarşı münasibətdə özünü normal aparmayan uşağı öz ovladı sanmayan cəmiyyət üzvü arzuladığımız xoşbəxt gələcəyi bizlərdən uzaqlaşdırır.

İnsan gərək öz insanlıq missiyasını yerinə yetirmək üçün öyrəndiklərinə, bildiklərinə əməl etsin. Peyğəmbər Əfəndimizin (s.ə.s) bir hədisində deyilir: "Kim bildiyi ilə əməl edərsə, Allah ona bilmədiklərinin elmini də ihsan edər”. Cağdaş alimlərdən birinin bu münasibətlə dediyi kimi: "Bilən insan çox, fəqət, bildiyini təmsil edən insan çox az. Biliyin ürfana dönüşüp onun da davranışlarımıza əks etməməsi bizim əskikliyimizdir”.

Allah dərsə gedən hər bir uşağımıza zehin açıqlığı, öyrənmək şövqü, bildiyini ləyaqətlə təmsil etmək fərasəti versin, İslam dünyasını da itirmiş olduğu səadətinə qovuşdursun! Amin





Категория: www.VID.az Life | Просмотров: 786 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]